153346.fb2
Rahib Lorensonun hücrəsi. Rahib Lorenso ilə Romeo daxil olurlar.
Lorenso.
Bu müqəddəs işə yar olsun göylər,
Sonra dərdlə bizə cəza verməsin.
Romeo.
Amin! Ancaq bu dərd dəhşət olsa da,
Cülyettayla mənim görüşümüzün
Bir anlıq sevinci önündə heçdir.
Müqəddəs ayinlə, müqəddəs ata,
Birləşdir son bizim əllərimizi.
Sonra ölüm gəlsin, yoxdu bir qorxum,
O çiçək mənimdir desəm, bəsimdir.
Lorenso.
Odlu sevgilərin odlu sonu var;
Öpüşüb məhv olan odtək, barıttək
Alışıb məhv olur zəfər çağında.
Pisdir on şirin bal şirinliyiylə,
İştahı öldürür çox yeyiləndə.
Sən təmkinlə sev ki, sevgi tükənməz,
Gecikər çox lənglə çox tələsən kəs.
Cülyetta gəlir.
Gəl, qızım. Ah, belə incə ayaqlar
Hələ toxunmayıb bu sərt daşlara.
Gözəl yay axşamı mehli havada
Uçan bir hörümçək toru üstündə
Aşiq gəzə bilər, yıxılmaz heç vaxt.
Cülyetta. Axşamınız xeyir, ruhani ata.
Lorenso. Romeo, bizimçün təşəkkür eylə.
Cülyetta.
Ürəkdən gələcək təşəkkür üçün
Onun da axşamı qoy xeyir olsun.
Romeo.
Ah! Qəşəng Cülyetta, nəhayətsizsə
Sənin səadətin mənimki qədər,
Onu dillə demək mümkünsə hərgah,
Havanı məst etsin qoy gül nəfəsin.
Şirin sözlərinin musiqisiylə
Əks elə ilahi görüşümüzün
Bizə bəxş etdiyi bu səadəti.
Cülyetta.
Sevgi sözlə deyil, işlə zəngindir,
Öyünər mənayla, bərbəzəklə yox.
Dilənçilər saya bilər varını,
Sonsuz xəzinədir mənim saf eşqim,
Mən saya bilmərəm yarısını da.
Lorenso.
Gedəyin, tezcənə qurtaraq işi.
Müqəddəs kilsədə ülvi ayinlə
İkiniz bir canda birləşənədək
Sizin üstünüzdə göz olum gərək.
Gedirlər.