153346.fb2
Küçə.
Romeo, Merkusio, Benvolio beş, ya altı nəfər üzü maskalı, əli məşəlli adamla başqaları ilə birlikdə gelirlər.
Romeo.
Necə? Təmtəraqlı nitqmi söyləyək,
Yoxsa daxil olaq dinməzsöyləməz?
Benvolio.
Belə uzunçuluq indi dəb deyil.
Gözlərində qalın yun şal sarğısı,
Əllərində nazik, ensiz taxtadan
Düzəlmiş rəngbərəng tatar kamanı,
Qarğaları qovan uyuqlar kimi,
Qəşəng xanımları qorxuya salan
Kupidona yoxdur ehtiyacımız.
Yerdən suflyorun köməyi ilə
Səhnədə birtəhər şer söyləyən
Aktyor da bizə gərək deyil heç.
Nə hesab edirlər etsinlər bizi,
Bir azca rəqs edib, çıxıb gedərik.
Romeo. Mənə məşəl verin, rəqs bacarmaram.
Könlümdə qaranlıq tutqunlaşsa da,
Sizə nurlu məşəl tuta bilərəm.
Merkusio.
Yox, dostum, bizimlə oynamalısan.
Romeo.
Mən yox, mümkün deyil, inanın mənə.
Sizin başmağınız yüngüldür, fəqət
Mənim ürəyimdə dərd qurğuşundur.
Tərpənib durmağa qoymur yerimdən.
Merkusio.
Axı, sən aşiqsən. Eşq tanrısından
Yerdən uçmaq üçün bir cüt qanad al.
Romeo.
Məhəbbət tanrısı öz oxu ilə
Məni elə ağır yaralayıb ki,
Yüngül qanadları saxlamaz məni.
Eşq yükü altında çöküb qalmışam.
Merkusio.
Gözlə ha, yıxılıb eşqi əzərsən,
Bu zərif şey dözməz bu ağırlığa.
Romeo.
Məgər eşq zərifdir? Yox, yox, düz deyil.
Çox kobud, çox qaba, çox qudurğandır,
Ürəyə sancılır bir tikan kimi.
Merkusio.
Əgər eşq kobudsa, sən də kobud ol,
O səni sancanda sen də sanc onu.
Üzümü gizlədim, mənə maska ver.
Maskanı taxır.
Bu da belə, maska maska üstündən.
Kim məni eybəcər sayırsa saysın,
Qoy mənim yerimə maska qızarsın.
Benvolio.
Di gəl, qapını döy, keçək içəri,
Elə girən kimi rəqsə başlayaq.
Romeo.
Məşəli mənə ver, qoy qayğısızlar
Hissiz qamışları ayaqlasınlar.
Men şam tutacağam, atalar demiş,
Oyuna baxacam tamaşaçıtək.
Əylənmək gözəldir, ancaq kədərdən
Lap əldən düşmüşəm.
Merkusio.
Polislər demiş,
Hə, siçan tələyə düşüb nəhayət.
Sən düşsən məhəbbət bataqlığına,
Bu ifadə üçün bağışla məni,
Qulaqlarmadək batsan palçığa.
Çıxarda bilərik səni, əzizim.
Cəld ol, biz ki gündüz şam yandırırıq.
Romeo. Yox, niyə? Yox, niyə?
Merkusio.
Vaxt keçir artıq.
Burda hədər yerə yubanmaqla biz,
Çıraq yandırırıq elə bil gündüz.
Eşit məsləhəti, qəmin yox olar,
Beş başda beş dəfə ağıl çox olar.
Romeo.
Maskarad, bu yaxşı düşünülmüşdür,
Fəqət ora getmək ağılsız işdir.
Merkusio. Agah et, nə üçün?
Romeo.
Düzü, bu gecə
Bir yuxu görmüşəm.
Merkusio. Mən də.
Romeo. Nə, necə?
Merkusio. Gördüm, yalan deyir yuxu görənlər.
Romeo. Yuxum yanlış olmur heç zərrə qədər.
Merkusio.
Oh! Belə de, belə, mən gördüm onda
Məlikə Meb durub sənin yanında.
Benvolio. Məlikə Meb! Yaxşı, kimdir o elə?
Merkusio.
Bütün pərilərin mamaçasıdır.
Merlərin şəhadət barmağındakı
Üzüyün qaşında yanan əqiqdən
Boyca böyük deyil. Məlikə hər vaxt
Kiçik mığmığalar qoşulmuş kiçik
Faytonunda rahat gəzib dolaşır
Yatan insanların burunlarında.
Düzəlib faytonun incə, upuzun
Oxları hörümçək ayaqlarından,
Üstü cırcırama qanadlarından,
Xamutu nur saçan şeh damcısından,
Qamçısı yüngülcə sübh dumanından.
Çəyirtkə sümüyü cilovlarıdır,
Hörümçək torusa yan qayışları.
Gözləri yuxulu tənbəl qızların
Dırnaqları altda törəyən, artan
Balaca qurdlardan xeyli balaca
Boz çuxalı hünü sürür faytonu.
Pərilərin mahir karet ustası
Ya o dügkər dələ, ya qoca böсək.
Faytonu düzəldib qoz qabığından.
Gecələr məlikə bu cahcalalla
Çapır faytonunu, çapır dördnala,
Keçir aşiqlərin beyinlərindən,
Onlar sevişirlər yuxularında.
Ötür əyanların dizləri üstdən,
Onlar da yuxuda təzim görürlər.
Dəyir hakimlərin barmaqlarına,
Onlar da yuxuda rüşvət alırlar.
Keçir xanımların dodaqlarından,
Xanımlar məst olur odlu öpüşdən,
Dadlı konfetlərə hərislik üstdə
Onlara məlikə hirslənir teztez,
Örtür sızanaqla əndamlarını.
Əyanın burnuna dırmaşan kimi,
Ədavət iyindən sevinir əyan.
Donuz quyruğundan bir tük qoparıb,
Keşişin burnunu qıdıqlayanda
Artıq qazanc görür keşiş röyada.
Əsgərin boynuna çıxır arabir,
O da röyasında kəsilmiş başlar,
İspan qılıncları, qanlı döyüşlər,
Dərinliyi beş fut qədəhlər görür,
Gəlir qulağına şeypur səsləri,
Yuxudan dik qalxır qorxu içində,
Bir dua oxuyub yatır təzədən.
Həmin bu raəlikə gecə atların
Yalmı hörərək düyünlər salır.
Adamın saçını keçəlləşdirir,
Açan tapılarsa bunları əgər,
O saat baş verir böyük fəlakət.
Qızlar uzananda arxası üstə,
Həmin bu əcinnə öyrədir necə
Hamilə qalmağı, uşaq doğmağı.
Həmin bu Meb…
Romeo.
Sus, sus, Merkusio, sus!
Elə danışırsan boşboş şeylərdən.
Merkusio.
Düzdür, yuxulardan danışıram mən,
Onlar meyvəsidir boş xəyalların,
Həmişə havatək etibarsızdır,
Həmişə yel kimi üzüdönükdür:
Elə bir yel kimi hərdən şəfqətlə
Oxşayır şimalın buzlu köksünü,
Hərdən də nifrətlə kükrəyir, coşur,
Can atır sinəsi şehli cənuba.
Benvolio.
Dediyin bu külək yaman əsir ha,
Bizi özümüzdən uzaqlaşdırır.
Yaman gecikirik şam yeməyinəe.
Romeo. Qorxuram tez gedək.
Qəlbimə damıb,
Bəxtim ulduzlardan asılıb artıq.
Duyuram, başlanır bu ziyafətdən
Acı taleyimin qorxunc günləri.
Hansı bir dəhşətli, müdhiş qüvvəsə
Vaxtsız ölümümü yaxınlaşdırır.
Qoy olsun, tükənsin mənfur həyatım,
Tale sükanımı tutan o qüvvə
Ömür yelkənimi aparsın mənim.
Gedəyin, cənablar!
Benvolio. Çal, təbili çal!
Gedirlər.