153346.fb2 Romeo v? C?lyetta - читать онлайн бесплатно полную версию книги . Страница 9

Romeo v? C?lyetta - читать онлайн бесплатно полную версию книги . Страница 9

Beşinci səhnə

Kapulettinin evində salon.

Çalğıçılar gözləyirlər.

Xidmətçilər gəlirlər.

Birinci xidmətçi. Bəs Anton Potpən hardadır? Niyə gəlib kömək eləmir? Heç olmasa boşqabları aparardı, boşqabları yuyardı!

İkinci xidmətçi. İşin hamısını biriki adamın öhdəsinə buraxmaq yaxşı deyil, onların əli natəmiz olanda bu çox pisdir.

Üçüncü xidmətçi. Stulların, servantın yerini dəyişin, gümüş qablardan ehtiyatlı olun. Sən, əzizim, mənə bir az şəkərçörəyi saxla, əgər xətrimi istəyirsənsə, qapıçıya tapşır, qoy o, Susanna Qrayndstonu, Nellini içəri buraxsın. Anton Potpən!

Üçüncü xidmətçi. Nə var, burdayam, nə bağırırsan?

Birinci xidmətçi. Böyük otaqda səni gözləyirlər, səni çağırırlar, səni tələb edirlər, səni axtanrlar.

Üçüncü xidmətçi. Bizimdə bir canımız var da, balam. Eyni vaxtda həm burada, həm də orada ola bilmərik ki!

İkinci xidmətçi. Zirək olun, uşaqlar, zirək olan çox yaşayar, çox yaşayan çox qazanar. Gedirlər.

Kapuletti, Cülyetta və başqa ev adamları daxil olurlar, qonaqlan və maska taxıb gələnləri qarşılayırlar.

Kapuletti.

Möhtərəm ağalar, xoş gəlmisiniz!

Buyurun, ayağı qabarsız olan

Xanımlar sizinlə rəqs eləsinlər.

Hə, gözəl sənəmlər, indi görək kim

Oynamaqdan boyun qaçıracaqdır?

Kim ki, naz eləyib çəksə özünü,

Demək, ayağında döyənəyi var.

Necədir, hədəfə düzmü vurmuşam?

Bir vaxtlar vardı ki, maska geyərək

Qəşəng xanımların qulaqlarına

Mən də şirin sözlər pıçıldayardım.

Artıq keçdi, keçdi, keçdi o vaxtlar.

Romeo, Merkusio, Benvolio və başqaları daxil olurlar.

Siz xoş gəlmisiniz, dostlar, buyurun.

Siz də, çalğıçılar, başlayın görək.

Yol verin, yol verin, qızlar oynasın.

Musiqi. Qonaqlar rəqs edirlər.

İşığı artırın, ey xidmətçilər!

Çəkin stulları tez bir kənara.

Sobanı söndürün, yaman istidir.

Kapuletti əmi, deyən, əyləncə

Qəlbinizə yatır, yox, yox, əyləşin.

Bizim rəqs eləmək vaxtımız keçib.

İndi mənə deyin, sonuncu dəfə

Biz maska taxmışıq neçə il əvvol?

Qoca Kapuletti. Mənə elə gəlir, otuz il olar.

Kapuletti.

Necə? Ola bilməz! O qədər olmaz.

O vaxt toyu idi Luçensionun.

Biz də maska geyib, rəqs elədik ha,

Ondan keçər ancaq iyirmi beş il.

Qoca Kapuletti.

Çox olar, çox olar, Luçensionun

Oğlu çox böyükdür, otuz yaşı var.

Kapuletti.

Yox a, nə deyirsiz, onun oğlu ki,

Ondan ayrılalı ikicə ildir.

Romeo.

O gənci hüsnüylə nura qərq edən

O ayüzlü kimdir?

Xidmətçi. Bilmirəm, cənab.

Romeo.

Günəşdir o parlaq işıq, bəlkə də,

Bütün məşəlləri qoyub kölgədə.

Odur bu gecənin ürək sevinci,

Zənci qulağında ən nadir inci.

Qızların içində durur o çiçək

Qarğalar içində ağ göyərçintək.

Neçə ki, rəqs bitib, yetməyib sona.

Mən kirpik çalmadan baxacam ona.

Onun əllərinə azca toxunmaq –

Ən böyük səadət tək budur ancaq.

Könlüm sevibdirmi indiyə qədər?

Gözüm gözəlliyi görübmü məgər?

Yox, yox, bilməmişsən heç zaman bunu

Əsl gözəlliyin nə olduğunu.

Tibalt.

Səsindən bilinir o Montekkldir.

Gətir qılıncımı, oğlan.

Bu nədir?

Əclaf maska taxıb, cürət eyləyib,

Gəlib lağa qoysun şənliyimizi?

And olsun nəslimin şərəfinə, bil,

Onu murdar etmək heç günah deyil.

Kapuletti. Nə üçün, əzizim, belə coşmusan?

Tibalt.

Montekki burdadır, o alçaq, nadan

Acıqca bu axşam gəlib ki bizə,

İstehza eyləsin şənliyimizə.

Kapuletti. Bu gənc Romeodur?

Tibalt. Bu rəzil odur.

Kapuletti.

Sakit ol, onunla işin olmasın.

Aparır özünü nəcib, təmkinli.

Doğrusu, tanınır Veronada o

Namuslu, qeyrətli bir cavan kimi.

Dünyanın varını versələr mənə,

Evimdə mən onu təhqir etmərəm.

Sən də səbirli ol, gəl, fikir vermə.

Hörmət edirsənsə mənim arzuma,

Üzünü gülər tut, qaşqabaq tökmə,

Qaşqabaq yaraşmır qonaqlığa heç.

Tibalt.

Əclaf qonaq gəlsə, bəs yaraşarmı?

Mən dözə bilmərəm bu arsızlığa.

Kapuletti.

Dözərsən, mən səni məcbur edərəm.

Deyirəm dözərsən, sus, harın uşaq!

Bu evin sahibi mənəm, yoxsa sən?

Bu dözə bilməyir! Allah, sən saxla!

Bu, indi şənlikdə dava salacaq.

Burda xoruzlanmaq istəyirsən, hə?

Burda kişi yalnız bir sənsən indi?

Tibalt. Əmi, axı, bu ki, rüsvayçılıqdır.

Kapuletti.

Çəkil, get, çəkil, get, davakar uşaq,

Qabalıq adama ziyan gətirər.

Hələ bir mənə də ağıl verirsən?!

Ayıbdır, özünü ədəbli apar…

İşıq ver, gur işıq! Sakit ol, yoxsa

Sakit eyləyərəm səni mən özüm.

Bu nədir, nə olub? Şənlənin, dostlar!

Tibalt.

Səbirlə qəzəbim sönməyir mənim,

Gedirəm, titrəyir bütün bədənim.

Onun bu gəlişi indi xoşsa da,

Ən acı fəlakət açar dünyada.

Gedir.

Romeo.(Cülyettaya).

Ləyaqətsiz əlim müqəddəs, qəşəng

Mehraba toxundu, bağışla məni.

Dodaqlanm iki fəqir zəwartək

Yuyar bir öpüşlə həmin ləkəni.

Cülyetta.

Əlinə çox sərtsən, mehriban zəvvar,

O ki sədaqətlə yandırır çıraq.

Mömin zəvvar üçün pirin eli var,

Onların əlləri öpüşür ancaq.

Romeo. Onların dodağı yoxdurmu məgər?

Cülyetta. Vardır dua üçün, bilir tanrı da.

Romeo.

Ey müqəddəs pirim, mərhəmət göstər,

Əllərtək xoşbəxt et dodaqları da.

Cülyetta. Pirlər tərpənmədən yetişir dada.

Romeo.

Tərpənmə, tərpənmə, çatım murada.

(Onu öpür).

Yudu günahımı dodağım artıq.

Cülyetta. Mənim dodağımı etdi günahkar.

Romeo. Qaytar günahımı, ey sönməz işıq!

Cülyetta. Günahın əfv oldu, mehriban zəvvar.

Dayə. Anan. söz deyəcək, çağırır səni.

Cülyetta gedir.

Romeo. Anası kimdir ki? Dayə. Hə, cavan oğlan,

Bu evin sahibi, xanımıdır o.

Özü də ismətli, ləyaqətlidir.

Danışdığın qızın dayəsiyəm mən,

O qızı kim alsa, dünyada yəqin,

Ən zəngin xəzinə qazanacaqdır.

Romeo.

Kapuletti, qızı! Ah, ürək, ürək,

Həyatım düşmənə borc getdi, demək!

Benvolio. Gedək, əla keçdi bu gün əyləncə.

Romeo. Qorxuram, gətirə mənə işgəncə.

Kapuletti.

Yox, hara? Cənablar, getməyin hələ.

Dayanın, bir azca qəhvə də için.

Vaxtdır, gedirsiniz? Sizə yaxşı yol!

Təşəkkür edirəm hamınıza mən.

Ey, bura işıq ver! Gedəyin biz də,

Doğrudan da, gecdir, yatmaq lazımdır.

Cülyetta və dayədən başqa hamı gedir.

Cülyetta. Dayə, küncdə duran o cənab kimdir?

Dayə. Qoca Tiberonun oğlu, varisi.

Cülyetta. Bəs indi qapıdan o çıxan oğlan?

Dayə. Hə, o da, mən bilən, gənc Petruçodur.

Cülyetta. Bəs rəqs eyləməyən, o yana gedən?

Dayə. Onu tanımıram.

Cülyetta. Öyrən adını! (Dayə gedir).

Əgər o evlisə, dəhşət budur bax, Gəlinlik yatağım məzar olacaq.

Dayə(qayıdaraq).

Adı Romeodur. O, Montekkinin

O mənfur düşmənin bircə oğludur.

Cülyetta.

Yarandı öz sevgim öz nifrətimdən,

Ah, onu tez gördüm, gec tanıdım mən.

Qorxunc bir eşq oldu qismətim mənim,

Çaldı ürəyimi qəddar düşmənim.

Dayə. Nə dedin, nə dedin?

Cülyetta.

Bu, bir şerdir,

Bir gəncdən öyrəndim rəqs eyləyəndə.

Səhnə arxasından kimsə çağırır: «Cülyetta!»

Dayə.

Bu saat, bu saat!.. A solmaz çiçək, Artıq hamı getdi, gəl biz də gedək.

Gedirlər.